Bu həftənin əvvəli Gəncədə «Yahova şahidləri» adlı dini icmanın üzvlərini polis saxlayıb. Bir müddət sonra onlar sərbəst buraxılıblar. Səbəb kimi onların qanunsuz dini mərasim keçirməsi göstərilib.
Mərasimdə 37 nəfəri öz evində qonaq edən «Yahova şahidi» icmasının üzvü Yeganə Qəhrəmanova deyir ki, qanuni fəaliyyət göstərmək üçün sənədlərini dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim ediblər. Amma qeydiyyatlarından imtina edilir. Yeganə Qəhrəmanova düşünür ki, onların hüquqları pozulur.
İlahiyyatçı ekspert Elşad Miri bu icmanın fərqli iddialarından danışır və onların qeydiyyata alınmamasının səbəbləri ilə bağlı öz ehtimallarını irəli sürür:
«TƏBİİ Kİ, DÖVLƏT BU MƏSƏLƏYƏ TƏHLÜKƏSİZLİK BAXIMINDAN DA YANAŞA BİLƏR»
«Onlar xristianlığın protestant mənsəbinə mənsub olan sektadırlar. Bunlar dövlətin bəzi atributlarını qəbul etmirlər. Onların başlarına hadisə gəldiyi zaman başqalarından qan qəbul etmirlər. Onlar alternativ hərbi xidmət məsələsini gündəmə gətirirlər. Onlar hərbi xidmətdən də imtina edirlər. Təbii ki, dövlət bu məsələyə təhlükəsizlik baxımından da yanaşa bilər».
Elşad Miri deyir ki, hüququnun pozulduğunu düşünən hər bir icma üzvü məhkəməyə müraciət edə bilər.
Qərb bölgəsində 49 islam, 6 qeyri-islam yönümlü dini icma fəaliyyət göstərir. Onların əksəriyyətinin qeydiyyatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yenidən baxışdan keçirilir.
Bu yazı "Azadlıq radiosu"nun saytına 17 iyun 2011-ci il tarixində yerləşdirilib.
Gülnur Raqifqızı/ "Azadlıq" radiosu