Həcc ziyarətinin təşkilində İsrailin turizm şirkətinin də iştirak edəcəyi xəbərləri ölkə müsəlmanları arasında təəccüblə qarşılanır. Verilən xəbərlərə görə, İsrailin "Elita VİR Tur" turizm şirkəti Bakıda iki yerli turizm şirkəti ilə israildəki müqəddəs məkanlara ziyarətin təşkilinə dair müqavilə bağlayıb. Şirkət Azərbaycanın müsəlman əhalisinə İsraildəki müqəddəs yerlərə səfər etməyi və İsrail ərazisindən Səudiyyə Ərəbistanına keçməklə ziyarətlərini Məkkədə başa vurmağı təklif edir. Şirkətin rəhbəri Şmuel Rahman belə bir ifadə də işlədib ki, "Böyük Həcc" İsraildəki müqəddəs məkanları ziyarət etmədən natamam sayılır. Şirkət rəhbəri zəvvarları İsraildə qarşılayıb, Məkkəyə yola salacaq tərəfdaşlarının olduğunu da deyib.
Məlumdur ki, Azərbaycanda Həcc missiyasının rəhbəri yalnız Qafqaz Müsəlmanları İdarəsi sayılır. Bəlkə də artıq "sayılırdı" demək lazımdır, çünki deyəsən, QMİ-nin Həcc məsələsinə ortaqlar meydana çıxıb. Əgər həqiqətən Həcc missiyasının rəhbəri yenə də QMİ olaraq qalırsa, zəvvarların Səudiyyə Ərəbistanına, həm də Böyük Həcc mövsümi kimi çətin və ağır bir vaxtda aparılması müəmmalı görünür. Amma bu məsələyə QMİ hələ münasibət bildirməyib. Təəssüf ki, QMİ cavab verməkdə yenə ləngiyir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin İsrail hökumətinin siyasətinə bəlli mənfi münasibəti var. Bir din xadimi, Şeyxülislam olaraq İsrailin dinc fələstinliləri qanına qəltan etməsinə onun münasibəti başqa cür ola da bilməz. Yəhudi iş adamı isə deyir ki, bu səfərlərin təşkil edilməsində məqsəd müsəlmanlara müqəddəs yerlərin necə qorunduğunu göstərmək və İsrailin "müsəlmanlarla savaşmadığına əmin olmaları"dır (?!).
İlahiyyatçıların məsələyə münasibəti isə fərqlidir. Bəziləri müsəlman əhalisinə qənim kəsilmiş bir hökuməti təmsil edən şirkətin təşkil etdiyi ziyarətlərə gedilməsinin qəti əleyhinədir. Sadə bir məntiqlə ki, bizim ödəyəcəyimiz pul nəticə etibarilə İsrail hökumətinin büdcəsinə gedəcək ki, bundan da silahlanma üçün istifadə ediləcək. Silahların kimlərə tuşlandığı isə məlum məsələdir. Belə çıxır ki, müsəlmanın pulu ilə müsəlmanların başına mərmi yağdırılacaq.
Lakin müqəddəs yerləri ziyarət etmək üstünlüyünü nəzərə alıb bu səfərlərə loyal yanaşanlar, hətta ona can atanlar da var.
Məsələni şəhr edən ilahiyyatçı Elşad Miri "Şərq"ə açıqlamasında qeyd etdi ki, həzrəti Peyğəmbər (s.ə.s) hədislərində buyurub ki, ziyarət ediləsi 3 yer var; Kəbə, Məscidül-Əqsa (Qüds şəhərindəki) və Məscidi-Nəbəvi (Mədinədəki pyeğəmbər məscidi). Bu 3 yer müqəddəs sayılır. Hamıya da məlumdur ki, Həcc məhz Kəbə evinin ziyarətidir. Allah-təala Qurani-Kərimdə buyurur ki, həccin vaxtı məlum aylardır və həmin aylarda bəşəriyyət üçün inşa edilmiş ilk ibadət evi - Kəbə ziyarət olunmalıdır. Məscidül-Əqsanın müsəlman aləmində xüsusi yeri isə peyğəmbər həzrətlərinin (s.ə.s) məhz bu məsciddən meraca getməsi ilə bağlıdır. Dünya müsəlmanları üçün Məscidül-Əqsa müqəddəs bir məkandır. Peyğəmbər məscidinin hansı səbəblərdən ziyarət olunmasının da əlavə izaha ehtiyacı yoxdur. Mədinədəki Məscidi-Nəbəvi Peyğəmbərin zamanında onun evi olub, əziz peyğəmbərimiz rəhmətə gedəndə elə oradaca dəfn olunub və indi də məqbərəsi oradadır.
Amma yəhudi iş adamının "Məscidül-Əqsa ziyarət olunmursa, Həcc natamam sayılır", - deməsi, düzgün deyil. Bu, iranlıların "Həccdən əvvəl gərək Məşhəd, Şam, Kərbəla ziyarət olunsun, sonra həccə gedilsin kimi, əslində heç bir dini əsasa söykənməyən iddiaları ilə eynidir. Yəhudilər də iranlılar kimi davranmağa başlayıb. Adları çəkilən bu yerlərin ziyarətinin Həccə heç bir dəxli yoxdur. Allah yalnız Həcc ziyarətini və bu ziyarət çərçivəsində edilməli olan əməllərin icrasını buyurur. Adları çəkilən digər məkanlar, sadəcə, müsəlman aləmində xüsusi çəkisi olan yerlərdir. Əlbəttə, hər bir müsəlman istəyər ki, bu yerləri ziyarət etsin. Şəxsən mən imkan olsa, böyük məmnuniyyətlə Məscidül-Əqsanı ziyarət etmək istərdim. İsrail turizm şirkətinin bu mənada belə səfərlər təşkil etməsində qəbahətli bir şey yoxdur. İsrail-Türkiyə münasibətlərində son xoşagəlməz olaylar baş verməmişdən öncə Türkiyənin Antalya şəhərindən hər həftə İsrailə təyyarə uçuşları həyata keçirilirdi. Hətta bir çox azərbaycanlılar var ki, məhz bu təyyarə reysləri ilə Qüdsə gediblər. Amma məlum Davos və "Mavi Mərmərə" olaylarından sonra bu təyyarə reysləri dayandırılıb. Əgər indi İsrail şirkəti belə səfər təşkil edəcəyini bəyan edirsə, bu, çox yaxşıdır.
E.Miri xatırlatdı ki, Həcc ziyarətinə avtobusla gedənlər onsuz da Gürcüstan-Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə hərəkət edir. İordaniya İsraillə həmsərhəd ölkədir. İordaniyadan İsrailə adlamaq elə də çətin iş deyil. Lakin bir problem var ki, bir sıra ərəb dövlətləri pasportunda İsrail vizası olanları sonradan öz ölkəsi ərazisinə buraxmır. Ola bilsin, bu qadağa müsəlmanları Həcc ziyarətində olmadan İsrailə səfər etməkdən çəkindirsin.
Qalır, bir məsələ. Zəvvarların təhlükəsizliyi. Məlumdur ki, məhz təhlükəsizliyə təminat olmadığından QMİ illərdir Kərbəla səfərləri təşkil etmir. Və ötən illərdən fərqli olaraq indi Həcc ziyarətinə gedənlər İraq ərazisindən keçməklə müqəddəs Kərbəla torpağını da ziyarət etməkdən məhrumdurlar. QMİ ayrı-ayrı şirkətlərin İraq səfərlərinə də heç vaxt xeyir-dua vermir. Və bu səfərlərə görə məsuliyyətin ancaq həmin şirkətlərin üzərində olduğunu deyir. Bəs İsrail şirkəti nəyi göz altına alıb zəvvarları Qüdsə aparacaq?
E.Miri bildirdi ki, İsrail-Fələstin münaqişəsinə baxmayaraq Qüds təhlükəsiz bölgədədir və adətən toqquşmaların olduğu Qəzza bölgəsindən xeyli aralıdır. Digər tərəfdən, səfərin təşkilində iştirak edəcək ölkələr tranzitin təhlükəsizliyinə zəmanət verməlidir.
Bütün hallarda QMİ-nin mövqeyi əsasdır. İsrail şirkəti Azərbaycanın Həcc kvotasına necə daxil olacaq? Məlumdur ki, son 2 ildə QMİ 8 minlik kvotanın 2 minə endirildiyini bəyan edib və Azərbaycandan SƏ-yə gedənlərin sayı 2600-ü, demək olar ki, ötmür. Əgər boş yerlər varsa, niyə özümüz ondan istifadə etmirik, İsrailə veririk? Yox, əgər SƏ bizə 2 minlik kvota verirsə, İsrail şirkəti zəvvarları Məkkəyə kimin, hansı dövlətin kvotası hesabına aparacaq? Qafqaz Müsəlmanları İdarəsinin bu suallara cavab verməsi gərəkir.
Bu yazı "Şərq" qəzetinin 23 iyun 2011-ci il tarixli sayında dərc olunub.
Məlahət/"Şərq" qəzeti